...Bir cumlə xəbər.. bir dunya huzun
Azərbaycanınxalq şairi Bəxtiyar
Vahabzadə vəfat edib
GAİP XƏBƏR Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə vəfat edib. GAİPin apa -dan Aldıği məlumata istinadən, şair uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.
Qeyd edək ki, Azərbaycanın xalq şairi Bəxtiyar Mahmud oğlu Vahabzadə 1925-
ci ildə Şəki şəhərində anadan olub. 1934-cü ildə ailəsi ilə bərabər Bakıya köçüb. 1942-ci ildə orta məktəbi bitirib, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə, 1947-ci ildə isə universitetin aspiranturasına qəbul olunub. 1951-ci ildə "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik, 1964-cü ildə isə "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi alıb. 1945-ci ildə Yazıçılar İttifaqının üzvlüyünə qəbul olunub. 1974-cü ildə əməkdar incəsənət xadimi adına, 1975-ci ildə respublika, 1984-cü ildə isə SSRİ dövlət mükafatlarına layiq görülüb. 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib. 1985-ci ildə ona Azərbaycanın xalq şairi fəxri adı verilib. 1995-ci ildə Azərbaycan xalqının milli azadlıq mübarizəsində xüsusi xidmətlərinə görə "İstiqlal" ordeni ilə təltif edilib.
B. Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi-publisist kitabın, tarixi və müasir mövzuda 20-dən artıq iri həcmli poemanın və yüzlərlə məqalənin müəllifidir. B. Vahabzadə 4 dəfə Azərbaycan Ali Sovetinin (1980-1995), bir dəfə isə (1995-2000) Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilib.
Azərbaycan ədəbiyyatının, bütövlükdə Azərbaycan ədəbi fikrinin görkəmli nümayəndəsi olan B. Vahabzadənin adı təkcə Azərbaycanda deyil, onun hüdudlarından çox-çox uzaqlarda da tanınır. Şairin əsərləri - şer kitabları, dramları və publisistik yazıları dünyanın bir çox dillərinə, o cümlədən rus, Türkiyə türkcəsi, ingilis, fransız, alman, fars, polyak, ispan, macar, eləcə də keçmiş SSRİ xalqlarının dillərinə tərcümə edilib.